Sibirlilər Musiqili Teatrı görmək istəyir
Azərbaycan Dövlət Musiqili Teatrı Novosibirskə dəvət alıb. “Rus-Azərbaycan Evi” Regioanl İctimail Təşkilatı teatr kollektivini, Novosibirskdə yaşayan həmyerlilərimiz və yerli sakinlərlə görüşdürmək üçün Sibirə dəvət edir.
Azərbaycan Dövlət Musiqili Teatrı və “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı arasında yaradıcı əməkdaşlıq bu ilin aprel ayından başlanıb. Belə ki, 16 aprel tarixində Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirdiyi silsilə mədəniyyət tədbirləri yerli sakinlərin yaxşı yadındadır. Bu tədbirlərdən biri də Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasının Musiqili Teatrın səhnəsində nümayişi oldu. İki hissəli operetta Novosibirsk Dövlət Teatr İnstitutunun 4-cü kurs tələbələrinin ifasında bakılılara təqdim edildi.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, dəvətin ürəkaçan olduğunu və səfərdə iştirak etmək arzusunu ifadə etdi: “Təbii ki, Rus-Azərbaycan Evi”nin bu təşəbbüsünü yüksək qiymətləndiririk. Aprel ayında Bakıda keçirilmiş tədbirlər də sübut etdi ki, Novosibirskdə həmyerlilərimzin, xüsusən “Rus-Azərbaycan Evi”nin və bu təşkilata rəhbərlik edən sədr Mais Pirverdi oğlu Məmmədovun Sibirdə nüfuzu çox böyükdür. Ona görə də bu səfərin ən yüksək səviyyədə baş tutacağına inanırıq”.