Musiqili Teatr mövsümü “Ər və arvad” tamaşası ilə bağladı
Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümünü iyulun 5-də “Ər və arvad” tamaşası ilə başa vurdu. Bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdar idi. Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, hər yeni mövsüm sentyabr ayının 18-də – Milli Musiqi Günü ənənəvi olaraq bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Sözügedən klassik əsərdə xalq artistləri Afaq Bəşirqızı (Minnət xanım), İlham Namiq Kamal (Mərcan bəy), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) əsas rollarda çıxış ediblər.
Anşlaqla keçən tamaşanın finalı da möhtəşəmliyilə seçilib. Belə ki, seyrçilərin ən çox sevdikləri aktyorlar, ən çox sevilən tamaşada ayaqüstə alqışlanıblar. Tamaşa sonrası isə seyrçilər öz təəssüratlarını bölüşüblər:
– Hicran Mirkərimova (Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini): Bu teatrın daimi tamaşaçısıyam, demək olar ki, bütün tamaşalarına baxmışam. Amma “Ər və arvad” tamaşasını xüsusilə sevirəm. Yeri gəlmişkən, bu, ilk baxışım deyil. Artıq neçənci dəfə gəlirəm və hər dəfəsində də aktyorların necə şövqlə, həvəslə, ürəkdən oynadıqlarına şahid oluram. Belə istedadlı aktyorlarla fəxr etmək lazımdır. Ümumiyyətlə, tamaşa çox keyfiyyətli alınıb. Buna görə bütün yaradıcı heyətə dərin təşəkkür düşür.
- Ləman Nəbiyeva (“Ailə həkimi” jurnalının redaktoru): Teatrlara tez-tez getsəm də Musiqili Teatra ilk dəfədir gəlirəm. Çox məmnun qaldım. Təəssüf edirəm ki, ilk gəlişim mövsümün son tamaşasına düşdü. O biri tamaşalara baxmaq üçün sentyabr ayını səbirsizliklə gözləyəcəyəm.
- Anar Kərimov (mühəndis): Bu tamaşa haqda sms vasitəsilə xəbər tutmuşam. Həftə sonu belə mədəni istirahətlə başlamağımdan çox razı qaldım. Teatr kollektivinin əməyinə görə təşəkkür edirəm.
- Yeganə İbadova (evdar xanım): Afaq Bəşirqızının, Ələkbər Əliyevin, Gülcahan Salamovanın oyununa valeh olduq. Musiqili Teatrın tamaşalarına tez-tez gəlirik. Daha öncələr “Kimdir müqəssir?” və “Fransızsayağı qarnir” tamaşalarına baxmışıq. Bir də övladlarımı uşaq tamaşalarına gətirirəm. Ümumiyyətlə, bu teatrdan çox razıyam.
- Orxan Mehdiyev (həkim): Düzünü desəm, bu tamaşa, xanımıma etdiyim ad günü hədiyyəsi oldu. Amma onun sayəsində mən də zövq aldım.