Musiqili Teatrın bu mövsümdə son qastrolu
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə – Şirvana yola düşəcək. Belə ki, iyulun 2-si Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası nümayiş etdiriləcək.
Tamaşada əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəliyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, keçirilən qastrol səfərinin məqsədi, yay mövsümü ilə əlaqədar olaraq bölgə əhalisinin mədəni istirahətini təşkil etmək, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları ilə canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir.
Tamaşanın nümayişi saat 18:00-da olacaq.